
"Ermənistan Dağlıq Qarabağ bölgəsi daxil olmaqla işğal etdiyi əraziləri geri qaytarmayınca, Türkiyə bu protokolları təsdiqləməyəcək".
İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda iştirak edən Azərbaycan prezidenti İlham Əliyev "Bloomberg" agentliyi və "The Wall Street Journal" qəzetinə müsahibəsində belə deyib.
Dövlət başçısı İlham Əliyevin sözlərinə görə, "bölgədə belə bir ümumi anlayış mövcuddur ki, ilk addımı Ermənistan atmalıdır və buna işğal etdiyi əraziləri boşaltmaqla başlamalıdır". İlham Əliyev Türkiyənin bu məsələni anlamasından tam məmnun olduğunu deyib.
Prezident qeyd edib ki, "əgər bu iki məsələ biri-birindən ayrılsa, onda çox güman ki, Ermənistan Azərbaycanla Dağlıq Qarabağ məsələsinə dair danışıqları donduracaq". O, əlavə edib ki, Ermənistanı danışıqlar masası arxasında saxlamaq üçün iqtisadi təzyiqin əsas stimullardan biri olduğunu hesab edir.
Azərbaycan prezidenti həmçinin Avropa İttifaqının planlaşdırdığı "Nabukko" kəmərinin inşasının ləngiməsindən məyus olduğunu bildirib. "Qazprom deyir ki, bizdən təchiz edəcəyimiz qədər qaz alacaq. Əgər "Nabukko" gecikdirilsə, aydındır ki, biz "Qazprom"a daha çox qaz satacağıq", deyə prezident Əliyev vurğulayıb.